Psixologiya nə deməkdir?

Psixologiya (q.yun. ψυχή — ruh, ruhi aləm; λόγος — bilik, öyrənmək, elm) — «psixika haqqında elm» deməkdir. Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir: psixologiya psixika haqqında elmdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir.

Psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixika fəaliyyət və ünsiyyət prosesində müxtəlif formalarda təzahür edir. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir.

Psixologiyaya tarixi baxış

Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin (eramızdan əvvəl IV əsr) «Ruh haqqında» traktatında şərh olunmuşdur. Traktat psixologiya yox, «ruh haqqında» adlanır. Bu da təsadüfi deyildir. Uzun müddət (XIX əsrin sonlarına qədər) psixologiya elmi fəlsəfəyə aid fənn hesab olunub. Avropa ədəbiyyatında mental (latın sözü olub «psixi olan» deməkdir) fəlsəfə, ruhiyyat, pnevmatalogiya (pnevma – yunan sözü olub nəfəs, ruh deməkdir) adlandırılmışlar.

XVIII əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında işlənmişdir. Alman ədəbiyyatında isə psixologiya sözü ensiklopedist alim Xristian Volfun 1732-ci ildə «Emprik psixologiya» və 1734-cü ildə «Rasional psixologiya» kitabları nəşr olunandan sonra məlum olmuşdur.

Azərbaycanda psixologiya termini XIX əsrin sonu – XX əsrin əvvəllərində rus psixoloqları vasitəsilə işlənməyə başlanmışdır.

Mənbə: https://az.wikipedia.org/wiki/Psixologiya