Sosial psixologiya nə deməkdir?

Sosial psixologiya— psixologiya elminin mühüm sahələrindən biridir.Sosial qruplarda insanlar arasında ünsiyyət və qarşılıqlı təsir prosesində meydana çıxan psixi hadisələri öyrənir. Sosial psixologiyanın tədqiq edib əldə etdiyi biliklər müxtəlif sahələrdə böyük praktik əhəmiyyətə malikdir. Devid Mayersə görə, sosial psixologiya — insanların bir-biri haqqında necə fikirləşdiyini, onların bir-birinə necə təsir göstərdiyini və bir-birlərinə necə münasibət bəslədiklərini öyrənən elmdir.

Q.Andreyevaya görə sosial psixologiyanın 3 mühüm sahəsi vardır:

  1. Qrupların sosial psixologiyası;
  2. Ünsiyyətin sosial psixologiyası;
  3. Şəxsiyyətin sosial psixologiyası.

Qrupların sosial psixologiyası

Sosial qrup mədəniyyət meyarları, sərvət meylləri, həyat fəaliyyəti vasitələri və ya şəraiti ilə bir-birinə bağlı olan insanların nisbətən səbatlı birliyidir. Sosial psixologiya həm böyük, həm də kiçik sosial qrupları öyrənir. Bu baxımdan qrupların sosial psixologiyasına aşağıdakılar daxildir:

  1. Böyük Qrublarda (makromühitdə) sosial-psixoloji hadisələr
  2. Kiçik qruplarda (mikromühitdə) sosial-psixoloji hadisələr

İnsanların ünsiyyəti və qarşılıqlı təsiri, nəinki fəaliyyətin məzmunundan, həm də qrupun inkişaf səviyyəsindən asılı olaraq müxtəlif xüsusiyyətlər kəsb edir.

Ünsiyyətin sosial psixologiyası

Ünsiyyət bütün sosial-psixoloji hadisələrin mənbəyini təşkil edir.. İki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir.

Sosial psixologiyada ünsiyyət müxtəlif istiqamətlərdə — kommunikativ (informasiya mübadiləsi), interaktiv (qarşılıqlı təsir) və perseptiv (insanların bir-birini qavraması) baxımından təhlil olunur.

Şəxsiyyətin sosial-psixoloji problemlər

Şəxsiyyət dedikdə, fərdin əşyavi fəaliyyətdə və ünsiyyətdə mənimsədiyi sistemli sosial keyfiyyətlər nəzərdə tutulur. Şəxsiyyət problemi psixologiyanın müxtəlif sahələrində nəzərdən keçirilsə də, bu problemin elə tərəfləri var ki, onlar məhz sosial psixologiya çərçivəsində tədqiq olunur. Məsələn, şəxsiyyətin sosializasiyası, sosial yönümü və s. Sosial psixologiya şəxsiyyətin davranış və fəaliyyətini real konkret qruplarda öyrənir.

Mənbə: https://az.wikipedia.org/wiki/Sosial_psixologiya